﻿.89.

əl-Fəcr (Dan yeri) surəsi

(Məkkədə nazil olmuşdur, 30 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

And olsun dan yerinə;

And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);

And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);

And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!

Məgər bunlarda (qiyamətin haqq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!

(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!

Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!

(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.

(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!

Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!

O kəslər ki, məmləkətlərdə tüğyan edir,

Oralarda çoxlu fitnə-fəsad törədirlər.

Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.

Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.

İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.

Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.

Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).

Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.

Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).

Mal-dövləti isə lap çox sevirsiniz.

Xeyr! Yer dağılıb parça-parça olacağı;

Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı

Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!

O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.

O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!

(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!

(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)

Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!

(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!

(Onlarla birlikdə) Cənnətimə varid ol!”