﻿.88.

əl-Ğaşiyə (Bürüyən) surəsi

(Məkkədə nazil olmuşdur, 26 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?

(O gün) bir çox üzlər zəlil görkəm alacaq;

(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;

Yanar oda girəcəkdir;

Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.

Onların yeməyi (zəhərdən və acı) zəridən başqa bir şey olmayacaqdır.

(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.

(O gün) bir çox üzlər sevinəcək;

(Dünyadakı) zəhmətindən razı qalacaq;

(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənnətdə olacaq,

Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.

Orada axar bulaq;

Orada uca taxtlar;

(Çeşmələr kənarında) piyalələr;

Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar

Və döşənmiş (nəfis) xalılar vardır!

Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

Göyə (baxmırlar ki) necə ucaldılmışdır?

Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?

Və yerə (baxmırlar ki) necə döşədilmişdir?

(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!

Sən onların üzərində hakim deyilsən!

Lakin kim (imandan) üz döndərib (Quranı) inkar etsə

Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!

Şübhəsiz ki, onların axır dönüşü Bizədir!

Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!