﻿.86.

ət-Tariq (Gecə gələn) surəsi

(Məkkədə nazil olmuşdur, 17 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!

(O, zülməti yaran) parlaq ulduzdur!

Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!

Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!

O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.

(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!

Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -

Bütün sirlərin aşkar olacağı o qiyamət günü;

(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvvəsi, nə də bir köməkçisi olar!

And olsun yağış sahibi olan göyə;

And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,

Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır!

O, oyun-oyuncaq (əyləncə) deyildir!

Həqiqətən, (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular.

Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.

Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!