﻿.81.

ət-Təkvir (Sarınma) surəsi

(Məkkədə nazil olmuşdur, 29 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;

Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;

Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;

(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;

Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;

Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;

Ruhlar (bədənlərə) qovuşacağı zaman;

Diri-diri torpağa gömülən körpə qızdan:

“Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman;

Əməl dəftərləri açılacağı zaman;

Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;

Cəhənnəm alovlandırılacağı zaman;

Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;

Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!

And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;

(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);

Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)

Və sökülməkdə olan dan yerinə ki,

Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.

(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).

(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir.

(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!

And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.

O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.

O (Quran) da məlun (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.

Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?

O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.

Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.

(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)