﻿.80.

Əbəsə (Qaşqabağını tökdü) surəsi

(Məkkədə nazil olmuşdur, 42 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.

Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.

Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!

Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!

(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,

Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).

Onun (küfrdən) təmizlənməsindən sənə nə?!

Yüyürə-yüyürə sənin yanına gələn

Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,

Sən ondan üz çevirirsən!

Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.

Kim istəsə, ondan öyüd alar.

(Bu Quran Allah dərgahında) çox möhtərəm (mötəbər) səhifələrdə -

(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).

(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir).

(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox mütidirlər.

Ölsün (kafir) insan! O nə nankordur!

(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?

(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.

Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.

Sonra onu öldürüb qəbirə qoydu.

Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.

İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).

Həqiqətən, Biz yağışı bol yağdırdıq.

Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),

Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;

Üzüm və yonca;

Zeytun və xurma (bağları);

(Ağacları bir-birinə) sarmaşan bağçalar;

(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.

(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!

Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);

O gün insan qaçacaq öz qardaşından;

Anasından, atasından;

Zövcəsindən və oğullarından!

O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).

O gün bir çox üzlər parlayacaq,

Güləcək, sevinəcəkdir.

O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,

Onları zülmət (yaxud his) bürüyəcəkdir.

Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!