﻿.69.

əl-Haqqə (Haqq olan qiyamət) surəsi

(Məkkədə nazil olmuşdur, 52 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

Haqq olan qiyamət!

Nədir qiyamət?!

Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)

Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!

Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.

Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu.

Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.

Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.

Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.

Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!

Sur bircə dəfə üfürüləcəyi;

Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -

Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!

Və (göy) süst düşüb parçalanacaqdır!

Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!

O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!

Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun!

Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”

Bundan belə o, xoş güzəran içində,

Yüksək bir Cənnətdə olacaqdır.

(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).

(Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”

Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi!

Hesabımın nə olduğunu bilməyəydim!

Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)

Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).

Mülküm (səltənətim) də məhv olub getdi!”

(Allah dərgahından belə bir nida gələcəkdir: ) “Onu tutub qandallayın!

Sonra da Cəhənnəmə atın!

Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!

Çünki o, böyük olan Allaha inanmırdı.

O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.

Bu gün bax burda onun yaxın bir dostu yoxdur.

İrindən başqa bir yeməyi də yoxdur.

Onu ancaq günahkarlar yeyər!”

And içirəm gördüklərinizə,

Və görmədiklərinizə ki,

Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!

O, şair sözü deyildir! Nə az inanırsınız!

O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!

O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi,

Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!

Sonra onun şah damarını qopardardıq!

Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.

Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir.

(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.

Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).

Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.

Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!