﻿.56.

əl-Vaqiə (Vaqiə) surəsi

(Məkkədə nazil olmuşdur, 96 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

Qiyamət vaqe olacağı (qopacağı) vaxt

Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!

O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.

Yer hərəkətə gəlib şiddətlə titrədiyi,

Dağlar parça-parça olub ovxalandığı

Və toz kimi səpələndiyi zaman

Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:

Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)

Sol tərəf sahibləri (əməl dəftərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)

Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)

Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.

Onlar Nəim cənnətlərində olacaqlar.

(Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).

(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,

Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.

Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;

(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.

(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.

(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr

Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).

(Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.

(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.

Onlar (bu nemətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.

Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.

Eşitdikləri söz ancaq “salam” olacaqdır.

Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?

(Onlar) tikansız sidr ağacları,

Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;

Çəkilməyən (daimi) kölgəliklərdə;

Axar su kənarında;

Bol meyvələr –

Tükənməz və qadağan edilməyən (meyvələr) içində

Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!

Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!

Onları bakirə qızlar,

Ərlərini sevən, həmyaşıdlar edəcəyik.

Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!

(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).

Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?

(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,

Qapqara duman kölgəsində olacaqlar!

(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.

Onlar bundan əvvəl (dünyada) naz-nemət içində idilər.

Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.

Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!

Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”

(Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,

Məlum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.

Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!

Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,

Qarınlarınızı onunla dolduracaqsınız.

Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.

Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.

Bu onların haqq-hesab günündəki ziyafətidir.

(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?

Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?

Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!

Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,

(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!

And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!

Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?

Onu bitirən sizsiniz, yoxsa Biz?!

Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb:

“Biz ziyana uğramış,

Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).

Bəs içdiyiniz suya nə deyirsiniz?

Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!

Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?

Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?

Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?

Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.

Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!

Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –

Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –

(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır.

(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).

Ona yalnız pak olanlar toxuna bilər!

(O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)

Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?

(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman

Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).

Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!

Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,

Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!

Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,

(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!

Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),

(Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).

Əgər (ölən kimsə Allahın ayələrini, möcüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,

(Ona) qaynar su ziyafəti veriləcək

Və özü də Cəhənnəmə atılacaqdır.

Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!

Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)