﻿.54.

əl-Qəmər (Ay) surəsi

(Məkkədə nazil olmuşdur, 55 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı.

Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.

Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

(Bu Quran) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!

Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.

Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.

(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi.

Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.

Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.

Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.

(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.

And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.

O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!

Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”

(Biz Saleh peyğəmbərə təsəlli verib dedik:) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!

Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!

Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!”

Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.

And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;

Dərgahımızdan bir lütf olaraq! Biz (nemətimizə) şükür edəni belə mükafatlandırırıq!

And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.

Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik).

And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).

(Onlara: ) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).

And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Firon əhlinə də gəlib çatmışdı.

Onlar ayələrimizin (möcüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.

(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!

Yoxsa onlar: “Biz (Muhəmməd və möminlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?

(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!

Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).

Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).

O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir).

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.

Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!)

And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!

Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!

Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,

(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!