﻿.52.

ət-Tur (Dağ) surəsi

(Məkkədə nazil olmuşdur, 49 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;

And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara) -

Açıq dəri üzərində (olan kitaba);

And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura;

And olsun yüksək tavana (uca göyə)

Və dolub daşan (alovlanan) dənizə ki,

Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!

Onu heç kəs dəf edə bilməz!

O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),

Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.

O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!

O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.

O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.

(Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!

(Vəhyə, Qurana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?

Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”

Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar.

Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.

(Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;

Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!

Onları istədikləri meyvə və ətlə (bol-bol) təmin edəcəyik.

Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.

Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.

Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.

Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.

Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.

Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”

Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin neməti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!

Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər.

De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözləyənlərdənəm!”

Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.

Yoxsa onlar: “Onu (Quranı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.

Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!

Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!

Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!

Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!

Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!

Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!

Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!

Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)

Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!

Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!

Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).

Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!

O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.

Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!

(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!)